Niyə möminlərlə birlikdədirlər?
Qəlbində xəstəlik olan şəxslərin fərqli inanclarına baxmayaraq, yenə də möminlərin arasında yaşamaq istəmələri, əlbəttə ki, qəribədir. Bunun bir səbəbi, bu şəxslərin din əxlaqının qazandırdığı gözəlliklərdən və mənfəətlərdən, möminlərin təmin etdiyi rahat və hüzurlu mühitdən istifadə etmək istəmələridir. Cahiliyyə cəmiyyətində əsla əldə edə bilməyəcəkləri üstün əxlaqa sahib olan möminlərlə birlikdə olmağı, belə insanlardan ibarət bir mühiti daha cəzbedici hesab edirlər. Qəlblərində nə qədər qəti iman yaşamasalar da, mövzunun əvvəlində də vurğulandığı kimi, bu şəxslər tam inkarçı hesab olunmurlar. Nə cahil cəmiyyətdən, nə də mömin camaatındandırlar. Bunun səbəbi isə qəlblərindəki şübhədir.
Dünya həyatını çox cazibəli hesab etməklə yanaşı, Allah'ın dünyada və axirətdə möminlərə vəd etdiyi nemətləri də cəlbedici hesab edirlər. Tam yəqinliklə iman gətirmədikləri halda, "əgər doğrudursa", "birdən bütün bu vəd edilənlər doğru olarsa" kimi ehtimallar da onları düşündürür. Belə vəziyyətdə möminlərin qovuşacağı nemətlərdən və gözəlliklərdən özlərinin də faydalana biləcəklərini ümid edirlər.
Onlar düşünürlər ki, dinin tələb etdiyi hər şeyi səmimi imana sahib olan möminlər edəcək, özləri isə dünyəvi mənfəətləri uğrunda onlara yaxınlaşaraq bu vəziyyətdən istifadə etməyə çalışacaqlar. Lakin hər hansı çətinlik və ya sıxıntı yarananda üz çevirib qaçmağa çalışacaqlar. Quranda Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış insanlardan nümunə verilərək, bu azğın məntiqə belə diqqət çəkilmişdir:
İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar və sizə bir müsibət üz vermiş olduqda: "Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə olmadım", - deyər. Əgər Allah'dan sizə bir lütf yetişərsə, onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: "Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!" - deyər. (Nisa surəsi, 72-73)
Onlar sizə göz qoyurlar. Əgər Allah'dan sizə bir qələbə gəlsə: "Məgər biz də sizinlə deyildikmi?" - deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: "Məgər biz sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?" - söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir. (Nisa surəsi, 141)
Ayələrdə izah olunduğu kimi, mənfəət əldə etməyə çalışan bu şəxslər mömin camaat ilə birlikdə hərəkət edərək onların dünyəvi imkanlarından faydalanmaq istəyirlər. Belə imkanla qarşılaşanda dərhal özlərini ön plana çıxarmağa çalışır, dinə və möminlərə nə qədər bağlı olduqlarından bəhs edərək müsəlmanları aldatmağa çalışırlar. Amma o vaxta qədər göstərdikləri şövqsüzlük və zəiflik bütün möminlər tərəfindən açıq-aşkar bilindiyi üçün bu əməllərini həyata keçirə bilmirlər.
Lakin bu, insanların sahib olduqları elə azğın düşüncədir ki, səmimiyyətsiz hərəkətlərinə özlərinin də şahid olduqları halda, möminlərin axirətdə alacaqları qarşılıqdan da faydalana biləcəklərini zənn edərək aldanırlar. Quranda onların axirətdə göstərəcəkləri bu hərəkətlərə belə diqqət çəkilmişdir:
O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: "Gözləyin ki, biz də sizin işığınızdan alaq", - deyəcəklər. (Onlara) deyiləcəkdir: "Geriyə qayıdıb işıq axtarın!" Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Münafiqlər) onları haraylayıb deyəcəklər: "Məgər biz sizinlə birlikdə deyildikmi?" (Möminlər) deyəcəklər: "Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allah'ın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən fidyə qəbul olunar. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!" (Hədid surəsi, 13-15)
Bu insanlar bilməlidirlər ki, qəlblərində səmimi imanı yaşamadıqları müddətcə möminlərlə birlikdə olmalarının Allah qatında onlara heç bir faydası olmayacaq. Çünki Allah hər insana müstəqil vicdan, ağıl və mühakimə qabiliyyəti vermişdir. Belə ki, hər insanı tək hesaba çəkəcək, tək mükafatlandıracaq və ya tək əzablandıracaq. Hər insan Rəbbimizin qarşısında Onun rizasını qazanmaq üçün göstərdiyi səmimi cəhdləri qədər mükafat alacaq. Bu şəxslərin dünya həyatında sadəcə dilləri ilə iman gətirdiklərini söyləmələri isə, əlbəttə ki, Allah'ın istəməsindən başqa kifayət etməyəcək. Çünki iman gətirən bir insanın bu həqiqəti, eyni zamanda, bütün varlığı ilə təsdiq etməsi lazımdır. Qəflətə düşənlər isə möminlərin yanında olmalarının onlara hesab günü mənfəət gətirəcəyini düşünərək yalnız özlərini aldadırlar.
Mövzular
- Möminlər hansı şeylərə görə həyəcanlanırlar?
- Allah`ın yaratma sənətinə olan həyəcan
- Nemətlərə və gözəlliklərə olan həyəcan
- Sevgi və dostluq həyəcanı
- Yaxşıları qoruma şövqü
- İbadətləri yerinə yetirməyin verdiyi həyəcan
- Quran ayələrini oxumaq həyəcanı
- Dua həyəcanı
- Allah`a yaxınlığa vəsilə olan tövbənin verdiyi şövq və həyəcan
- Quran əxlaqını təbliğ etməyin verdiyi həyəcan
- Cənnəti düşünməyin verdiyi həyəcan
- Həyatlarının sonuna qədər Allah`a sadiq qalmalarından
- Hər an Allah`ın rizasının ən çoxunu axtarmalarından
- Dinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarından
- Gözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindən
- Mallarını və canlarını Allah`a təslim etmələrindən
- Xeyirlərdə yarışıb önə keçmələrindən
- Çətinlik və sıxıntılara qarşı səbir etmələrindən
- Çətinliklər qarşısında daha da şövqlənmələrindən
- Allah`ın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən
- Qəlbində xəstəlik olanların şövqsüzlüyündən təsirlənməmələrindən